Avropa Şurası və Avropa İttifaqı haqqında

Avropa Şurası və Avropa İttifaqı müxtəlif, habelə, tamamlayıcı funksiyalara malik olan ayrı-ayrı təşkilatlardır.

  • Avropa Şurası qitə daxilində və ondan kənarda insan hüquqlarının və demokratiyanın gücləndirilməsi üçün 47 üzv dövlətlə birgə fəaliyyət göstərir.
  • Avropa İttifaqı isə müəyyən siyasət sahələrində qanunvericiliyi və təcrübələri uzlaşdırmaqla 28 üzv dövləti həm iqtisadi, həm də siyasi cəhətdən bir-birinə yaxınlaşdırır.
  • Aİ özünün Şərqi Avropa qonşuları ilə daha sıx əməkdaşlıq qurmaq üçün Şərq Tərəfdaşlığını yaratmışdır: Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukrayna.
  • İki təşkilat ortaq maraqları olan sahələr üzrə, xüsusilə də, Avropada və qonşu regionlarda insan hüquqlarının və demokratiyanın təşviqi istiqamətində sıx əməkdaşlıq edir.
  • Avropa İttifaqı və Avropa Şurası arasında əməkdaşlıq hər iki təşkilata bir-birinin fəaliyyətinə dəstək olmaqla bir-birinin güclü cəhətlərindən faydalanmaq imkanı verir.

Proqramlı Əməkdaşlıq Çərçivəsi (PCF) haqqında

 

PCF necə funksiya göstərir?

Aİ-nin Şərq Tərəfdaşlığı əsası 2009-cu ilin mayında Praqa Sammitində qoyulan siyasət təşəbbüsüdür, o, Aİ-nin Avropa Qonşuluq Siyasətinin (AQS) Şərq aspektini təmsil edir. O, azadlıq, demokratiya, insan hüquqlarına hörmət və qanunun aliliyi ilə əlaqədar ortaq dəyərlərə əsaslanır. 2014-2020-ci illər ərzində Avropa Qonşuluq Aləti (AQA) Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı üçün əsas maliyyə aləti olacaq.

2014-cü ilin aprel ayında Avropa İttifaqı (Aİ) və Avropa Şurası (AŞ) Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlıq fəaliyyətlərini nəzərdə tutan və “Proqramlı Əməkdaşlıq Çərçivəsi”nə əsasən həyata keçiriləcək Niyyət Bəyannaməsi imzaladılar.

PCF iki mərhələdə həyata keçiriləcək: 2015‑2017-ci illər və 2018-2020-ci illər. Aralıq qiymətləndirmə 2017-ci, yekun qiymətləndirmə isə 2020-ci ildə aparılacaq. İlkin icraat mərhələsi (2015-2017) üçün ayrılan büdcə 33.8 milyon avro təşkil edir. PCF90% Avropa İttifaqı, 10% Avropa Şurası tərəfindən maliyyələşdirilir. O, Avropa Şurası tərəfindən həyata keçirilir.
 

PCF üzrə həm ölkəyönümlü, həm də regional fəaliyyətlər Avropa Şurasının ölkəyönümlü Fəaliyyət Planları və Avropa İttifaqının ölkəyönümlü İllik Fəaliyyət Proqramları, həmçinin, Əməkdaşlıq Müqavilələri çərçivəsində milli tərəfdaşlarla sıx məşvərət əsasında tərtib edilmişdir.

Avropa Şurasının Fəaliyyət Planları Avropa Şurasının monitorinq orqanlarının tədqiqatlarının nəticələrinə və tövsiyələrinə, eləcə də, milli islahat proqramlarına uyğun olaraq hazırlanmışdır.

 

Avropa Şurasının Monitorinq orqanları

Avropa Şurasının Monitorinq orqanları Avropa Şurası Konvensiyalarının üzv dövlətlər tərəfindən icrasına nəzarət edən və tövsiyələr hazırlayan müstəqil ekspertlərdən ibarətdir. Bu monitorinq orqanlarına daxildir: Korrupsiyaya qarşı Mübarizə aparan Dövlətlər Qrupu (GRECO); Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CDPEJ); İşgəncələrin və Qeyri-insani yaxud Ləyaqəti alçaldan Davranış və Cəzaların Qarşısının Alınması üzrə Avropa Komitəsi (CPT); İnsan Alverinə qarşı Mübarizə üzrə Ekspertlər Qrupu (GRETA); Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL); Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiya üzrə Məşvərətçi Komitə (FCNM); İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRI); Qadınlara qarşı Zorakılığın və Məişət Zorakılığının Qarşısının Alınması və ona qarşı Mübarizə üzrə Konvensiya (GREVİO), o cümlədən, Avropa İnsan Hüquqları Məhkəməsi daxildir.

 

PCF-nin fəaliyyəti nədən ibarət olacaq?

Proqramlı Əməkdaşlıq Çərçivəsi üzrə fəaliyyətlər Şərq Tərəfdaşlığı ölkələrinin səlahiyyətli orqanlarının ölkədaxili islahatlar aparmaq imkanlarını gücləndirmək, eləcə də, bu ölkələri Avropa Şurasının və Avropa İttifaqının insan hüquqları, demokratiya və qanunu aliliyi üzrə standartlarına daha da yaxınlaşdırmaq üçün onları hərtərəfli bilik və təcrübə ilə təmin edəcək. Bu, bir sıra tədbirlər: konfranslar, seminarlar, işçi qruplar, təcrübə mübadiləsi, analitik hesabatlar, o cümlədən, Avropa Şurasının işçi heyətinin və beynəlxalq ekspertlərin rəhbərliyi ilə keçirilən təlim sessiyaları vasitəsilə təmin ediləcək.

Cəlb edilmiş subyektlər islahatların həyata keçirilməsində həlledici rol oynayan milli tərəfdaşlardır: parlamentlər, hökumət orqanlarının bütün səviyyələri (ədalət mühakiməsi, maliyyə, daxili işlər, səhiyyə, təhsil, əmək və sosial təminat, dövlət idarəçiliyi üzrə məsul nazirliklər), korrupsiya və çirkli pulların yuyulması ilə mübarizə kimi aidiyyatı sahələr üzrə dövlət müəssisələri, dövlət ittihamçıları, hüquq-mühafizə orqanları, islahedici müəssisələrin administrasiyaları, mərkəzi və yerli seçki komissiyaları, ombudsmanlar, məhkəmə ictimaiyyəti, müstəqil məhkəmə orqanları, hüquqi peşə sahibləri, KİV, yerli və regional səlahiyyətli orqanlar, qeyri-hökumət təşkilatları, elmi dairələr, eləcə də, geniş ictimaiyyət.

 

 PCF layihəsini kim koordinasiya edir?

Avropa Şurası, Avropa İttifaqı, milli maraqlı tərəflər, tərəfdaşlar və digər beynəlxalq təşkilatlar arasında ümumi və hərtərəfli əməkdaşlığı təmin etmək üçün Avropa Şurası, Avropa İttifaqı, Avropa Şurasının Regional Bölmələri, Avropa İttifaqının Nümayəndəlikləri və PCF layihəsinin Milli Koordinatorları arasında daimi koordinasiya mexanizmi yaradılacaq.

Bu, Şərq Tərəfdaşlığı ölkələri üzrə mövcud və planlaşdırılan digər ölkəyönümlü yaxud regional fəaliyyətlərlə əlaqəni təmin edəcək, eləcə də, PCF-nin son benefisiarları və ictimaiyyət üçün hiss oluna bilən nəticələrə və təsirlərə malik olmasına imkan yaradacaq.

 

Nəticələr davamlıdırmı?

Milli maraqlı tərəflərin islahat prosesini mənimsəməsi PCF-nin nəticəyə hesablanmış icrasında və davamlılığında mühüm rol oynayır. PCF layihəsi üzrə fəaliyyətlər milli hüquq sistemlərinin və dövlət institutlarının imkanlarının gücləndirilməsinə və təkmilləşdirilməsinə, eləcə də, həm tərəfdaşların, həm də milli maraqlı tərəflərin peşəkar bilik və bacarıqlarının artırılmasına yönəlmişdir. Davamlılıq təşkilati imkanların və təlim keçmiş heyətin artırılması vasitəsilə əldə olunacaqdır.

PCF milli tərəfdaşların bilik və potensialının artırılmasına töhfə verəcəkdir, beləliklə, onlar PCF-nin icra müddətindən sonra da qarşıya qoyulan məqsədləri ölkə və region daxilində öz həmkarları arasında təşviq edə bilərlər.