21-22 iyul 2015-ci il tarixlərində Avropa Şurası yerli səlahiyyətli orqanlar ilə əməkdaşlıq çərçivəsində Kaxeti regionunun Axmeta və Kvareli rayonlarında məskunlaşan Kist/Çeçen, Osetin, Avar və Udi dillərinin istifadəçiləri üçün Regional Dillər və ya Azsaylı Xalqların Dilləri üzrə Avropa Xartiyasına dair iki məlumatlandırıcı görüş keçirmişdir.
Gürcüstan 1999-cu ildə Avropa Şurasına qoşulmaqla Xartiyanın imzalanmasını və ratifikasiyasını öz öhdəsinə götürdü. Xartiya Avropa Şurasının əsas konvensiyalarından biri kimi milli azlıqlar tərəfindən ənənəvi olaraq istifadə edilən dilləri ölkənin mədəni irsinin bir parçası kimi müdafiə etmək məqsədi daşıyır.
Tədbirlərdə yerli səlahiyyətli orqanların nümayəndələrinə, eləcə də, Kist/Çeçen, Osetin, Avar və Udi dillərinin istifadəçilərinə Xartiyanın onlara öz dillərini mühafizə etmək üçün necə kömək edəcəyi barədə məlumat verilmişdir. Tədbirlər, həmçinin, Kist/Çeçen, Osetin, Avar və Udi dillərinin istifadəçilərinə dillərinin cari vəziyyəti və ortamüddətli perspektivləri barədə məlumatları təqdim etmək imkanı yaratmışdır. Müzakirələr zamanı Kist/Çeçen, Osetin, Avar və Udi dillərinin istifadəçilərinin nümayəndələri, eləcə də, yerli səlahiyyətli orqanlar Xartiyanın Gürcüstan tərəfindən ratifikasiya edilməsinə dəstəklərini ifadə etmişlər.
Görüşlər Avropa İttifaqı və Avropa Şurasının “Gürcüstanda Milli Azlıqların Cəmiyyətə İnteqrasiyası və Regional Dillər və ya Azsaylı Xalqların Dilləri üzrə Avropa Xartiyası” adlı Birgə Proqramı çərçivəsində keçirilmişdir. 2015-ci ilin sentyabr ayında Bolnisi rayonunda (Kvemo Kartli regionu) Azərbaycan dilinin istifadəçiləri, eləcə də, yerli səlahiyyətli orqanlar üçün bənzər tədbirlər təşkil ediləcək.
Bu layihə Avropa İttifaqının və Avropa Şurasının Şərq Tərəfdaşlığı Ölkələri üçün Proqramlı Əməkdaşlıq Çərçivəsinin bir hissəsini təşkil edir.