Avropa Şurası və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Avropa Şurası tərəfindən həyata keçirilən “2015-2017-ci illər üzrə Şərq Tərəfdaşlığı Proqramlı Əməkdaşlıq Çərçivəsi”nin bir hissəsini təşkil edən “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təlimlərinin təkmilləşdirilməsinə və məhkəmə özünüidarəetməsinə dəstək” layihəsi çərçivəsində Ədalət Mühakiməsinin Səmərəliliyi üzə Avropa Komissiyasının (CEPEJ) ekspertlərindən ibarət nümayəndə heyəti 21-24 iyul 2015-ci il tarixlərində Azərbaycan Respublikasında səfərdə olmuşdur.
Bu səfərin əsas məqsədlərindən biri layihənin və CEPEJ-in fəaliyyətinin milli tərəfdaşlara təqdim edilməsi olmuşdur. Bununla əlaqədar olaraq, 22 iyulda Avropa Şurası CEPEJ-in metodologiyasını, eləcə də, məhkəmə müddətinin idarəolunması üzrə SATURN Təlimatlarını, ədalət mühakiməsinin və məhkəmələrin keyfiyyətinin artırılması üzrə Siyahını və CEPEJ-in digər keyfiyyət mexanizmlərini təfərrüatlı qaydada şərh etmək üçün seminar keçirmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının və ayrı-ayrı milli məhkəmələrin nümayəndələri CEPEJ barəsində məlumat əldə etmək, Azərbaycanda məhkəmələrin səmərəli və keyfiyyətlə idarə olunması sahəsində əldə edilən inkişafı müzakirə etmək və öz təcrübələrini CEPEJ ekspertləri ilə bölüşmək üçün seminarda iştirak etmişlər.
Səfərin digər məqsədi yuxarıda sadalanan CEPEJ mexanizmlərinə əsaslanan və 2015-2016-cı illər ərzində Azərbaycanda 5 pilot məhkəmədə məhkəmə xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına yönələn məhkəmə kouçinqi proqramının başladılması olmuşdur. 21, 23 və 24 iyul tarixlərində CEPEJ ekspertləri Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası ilə əməkdaşlıq çərçivəsində yaradılan pilot məhkəmələrə baş çəkmişlər. Həmin məhkəmələr aşağıdakılardır:
- Bakı Şəhər Yasamal Rayon Məhkəməsi;
- Sumqayıt Şəhər İnzibati-İqtisadi məhkəməsi;
- Sumqayıt Şəhər Apelyasiya Məhkəməsi;
- Şəki Apelyasiya Məhkəməsi;
- Oğuz Rayon məhkəməsi.
Missiya zamanı ekspertlərə verilən məlumata əsasən, məhkəmə kouçinqi üzrə hesabatlar hazırlanacaq və həmin hesabatlar müzakirə və tətbiq edilmək üçün milli tərəfdaşlara təqdim olunacaqdır. İki il davam edən layihənin sonunda seçilən pilot məhkəmələrdə CEPEJ mexanizmlərinin tətbiqindən əldə edilən biliklər məhkəmə administrasiyalarını və siyasəti müəyyən edən dairələri əldə edilən təcrübələrin milli səviyyədə yayılması və tətbiqi baxımından dəyərli məlumatlar və həll yolları ilə təmin edəcək. Bundan əlavə, ədalət mühakiməsinin səmərəliliyi və keyfiyyəti bütün milli məhkəmələrin və fərdi hakimlərin məqsədləri içərisində lazımi yerini tutacaq və Azərbaycanın Ədliyyə Akademiyasının tədris kurrikulumuna daxil ediləcək. Nəticədə, Azərbaycanda məhkəmə xidmətlərinin istifadəçiləri pilot məhkəmələrin fəaliyyətinin təkmilləşməsinə, daha uzun müddətə isə, məhkəməyə daha yaxşı çıxışın əldə olunmasına və ölkə miqyasında məhkəmə xidmətlərinin keyfiyyətinin artırılmasına şahid olacaqlar.
Səfərin digər rəsmlərini görmək üçün aşağıdakı rəsmə klikləyin.
