Gürcüstanda vəkillər üçün etik normaları və intizam məsələlərini idarə edən qaydalarda çatışmazlıqlar aşkarlanmışdır. Avropalı ekspertlər Gürcüstanın Vəkillər Kollegiyasının Etik Normalar üzrə Komissiyasının üzvləri, eləcə də, İcraedici Şuranın, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə dəyirmi masa arxasında canlı fikir mübadiləsi aparmışlar.
Dəyirmi masa 19 avqust tarixində Tbilisi şəhərində keçirilmişdir və Gürcüstanın Vəkillər Kollegiyasının normativ-hüquqi bazasında mövcud olan çatışmazlıqların və yanıldıcı maddələrin müəyyənləşdirilməsini, daha önəmlisi isə, bu çatışmazlıqların aradan qaldırılması və Avropa standartlarına uyğunluq üçün ən münasib həll yollarının tapılmasını qarşıya məqsəd qoymuşdur.
Avropa Şurasının eksperti-cənab Jos Uitdehaag hüquqi dilemmalar üçün Avropa baxışı və mümkün həll yolları təklif etmişdir. Vəkillər Kollegiyasının Sədrinin bildirdiyi kimi, Vəkillər Kollegiyası ilə əlaqədar qaydalara düzəlişlər edilməsi üçün Avropa Şurasının dəstəyi vacibdir.
Etik Normalar üzrə Komissiyanın Sədri normativ-hüquqi bazanın ehtiyaclara uyğunlaşma xüsusiyyətinin olmaması nəticəsində Komissiyanın üzləşdiyi problemlərin təfərrüatlı siyahısını təqdim etmişdir. Dəyirmi masa müzakirəsi, həmçinin, Gürcüstan Vəkillər Kollegiyasının Etik Normalar üzrə Komissiyası daxilində istintaq hüquqşünasları institutunun yaradılması ilə əlaqədar yeni konsepsiya ideyalarına zəmin yaratmışdır. Bir sıra əleyhdarların olmasına baxmayaraq, bütün iştirakçılar razılaşmışlar ki Etik Normalar üzrə Komissiya "bir neçə fərdin fəaliyyətindən asılı olan yox, müstəqil fəaliyyət göstərən sistem yarada bilməlidir".
İştirakçılar qanunverici/tənzimləyici sistemdə dəyişikliklər üzərində fəal işə başlamaq barədə razılığa gəldilər, Avropa Şurasının eksperti cənab Uitdehaag isə mövcud normativ-hüquqi bazanın qiymətləndirilməsini yekunlaşdıracaq və ona düzəlişlər edilməsi barədə konkret təkliflər irəli sürəcək. Avropa Şurası prosesi yaxından izləyəcək və qanunverici/tənzimləyici qaydalarda öz əksini tapan konkret təkliflər irəli sürəcək.
Bu dəyirmi masa Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası, Ukrayna və Belarus üçün Proqramlı Əməkdaşlıq Çərçivəsi vasitəsilə Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilən “Gürcüstanın Vəkillər Kollegiyasına Dəstək” adlı Birgə Layihə çərçivəsində keçirilmişdir. Avropa Şurası və Avropa İttifaqı Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası, Ukrayna və Belarusun insan hüquqları, demokratiya və qanunun aliliyi üzrə Avropa Şurasının meyarlarına cavab verməsinə və vətəndaşlarının həyat şərtlərini yaxşılaşdırmasına kömək etmək üçün bu ölkələrlə birgə çalışırlar.